fbpx
info@masterslab.org

31 Okt 2017

Onlayn təhsilin 5 üstün cəhəti: evi tərk etmədən təhsil al

Onlayn təhsildə müəyyən məhdudiyyətlər olsa da, onun mövcud olan bir sıra üstünlükləri bizə başa düşməyə əsas verir ki, müasir dövrdə onlayn təhsil böyük bir inqilaba çevrilə bilər.

Ənənəvi təhsil sistemi ilə bağlı bir sıra problemlər mövcuddur. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, hər hansı bir prestijli təhsil müəssisəsində oxumaq üçün siz böyük həcmdə maliyyə vəsaiti sərf etməlisiniz. Büdcənizin bu şəkildə azalması və bununla birbaşa bağlı olan digər çatışmazlıqlar arzusunda olduğunuz təhsili tam olaraq əldə etməyinizə mane olacaqdır.

Təəccüblü deyil ki, dünyanın müxtəlif yerlərindən milyonlarla tələbə onlayn təhsil proqramını seçir və yaxud onlayn platforma vasitəsi ilə kolleclərdə heç olmasa bir kurs qazana bilir. Onlayn təhsil müasir dövrdə ən böyük inqilab olmalıdır. Bu, sistemdə olduqca böyük bir dəyişiklik edir və bir şey öyrənmək istəyən hər kəs üçün geniş imkanlar açır.

Buna baxmayaraq, onlayn təhsil hələ də stereotiplərlə bağlıdır. İnsanlar tez-tez onlayn tələbələrin ənənəvi kollec və ya universitet tələbələri ilə müqayisədə kifayət qədər “ağıllı” olmadığını, tənbəl olduqlarını və “real” dərəcələri əldə edə bilmədiklərini iddia edirlər. Bu iddialar bir çox insanı onlayn kurslardan çəkindirir və beləliklə də onlar böyük həcmdə maliyyə, öz sinirlərini və həyatının bir neçə ilini istismar edən ənənəvi təhsil sistemində ilişib qalırlar.

İcazənizlə onlayn təhsilin nəyə görə sizin düşündüyünüzdən daha da möhtəşəm olduğunu izah edək. Onlayn təhsil növünə olan münasibətinizi yenidən nəzərdən keçirməyə sövq edəcək onlayn öyrənmənin 5 üstünlüyü.

Onlayn öyrənmənin üstünlükləri

  1. İstədiyiniz hər şeyi öyrənə bilirsiniz!

Siz arzusunda olduğunuz proqramı ənənəvi təhsildə də əldə edə bilərsiniz, lakin bu zaman evdən uzaqda, tanımadığınız bir şəhərdə, rəqabətli bir mühitdə mübarizə apararaq təhsil almalı olacaqsınız. Onlayn təhsillə isə ənənəvi dördillik universitetlərdə mövcud olan proqramı əldə edə bilərsiniz.

Məsələn, fərz edək ki, siz nevrologiya ilə maraqlanırsınız. Sizin etməli olduğunuz yeganə iş GOOGLE-da bu tip onlyan kurs axtarmaqdır. Beləliklə də siz asanlıqla dünyanın hər yerindən ən nüfuzlu universitetlərin təklif etdiyi onlayn proqramları tapa biləcəksiniz. Onlayn təhsilin ən böyük üstünlüklərindən biri burada mövcud olan proqram və kursların geniş çeşididir. Siz harada yaşadığınızdan və nə öyrənmək istədiyinizdən asılı olmayaraq hər zaman uyğun bir kurs və ya daha üst pilləli bir proqramı evinizdə oturaraq əldə edə bilərsiniz.

  1. Rahatlıq

Sinif otaqlarında saatlarla vaxt keçirməyi, narahat stullarda oturmağı və günün sonuna qazandığınız yorğunluğu unudun. Siz onlayn təhsil olduğu halda sinif otaqlarına bağlı qalmamalısınız. Bütün mühazirələr və lazımi dərs vəsaitləri onlayn platforma vasitəsilə təqdim edilir və siz asanlıqla bütün bunları evinizdə rahat bir şəraitdə əldə edə bilirsiniz. Siz tələbə şəhərciyinə getmək üçün ictimai nəqliyyata minməyəcəksiniz və ya avtomobilinizin yanacağı üçün artıq pul xərcləməyəcəksiniz, eləcə də səhər erkən yuxudan oyanmayacaq, paltar seçməli olmayacaqsınız. Bu siyahını istənilən qədər uzatmaq olar.

Komfort çox güclü bir üstünlükdür, lakin onun da iki istiqaməti var. Siz özünüzə həddindən artıq komfortlu şərait yaratmamalısınız. Onlayn təhsil alarkən yaxşı olar ki,  günün bir neçə saatını yumşaq divandan ayrılıb özünüzə ruhlandırıcı bir mühit yaratmalısınız. Sizə lazım olan geniş bir masa və rahat bir stuldur.

  1. Onlayn təhsil CV-də yaxşı görünür

Sizin karyeranızın hal-hazırda hansı pillədə olmasından asılı olmayaraq onlayn təhsil hər zaman CV-nizdə yaxşı görünəcəkdir. Bu, potensial işəgötürənlərə sizin yeni biliklər əldə etməyə və daimi öyrənmə meylinizin olduğunu göstərəcəkdir. Çünki işəgötürənlər onlayn təhsili heç də ənənəvi təhsildən zəif hesab etmirlər. Siz prestijli universitetlərdən birində onlayn təhsil almaqla öz karyeranızı işıq sürəti ilə yüksəldə bilərsiniz. Əlbəttə ki, vəzifə yüksəlişində də ən uğurlu namizəd olacaqsınız və yeni vəzifələrə müraciət edərkən CV-niz daha yaxşı görünəcək.

  1. Sərbəst öyrənmə

Siz maraqlı onlayn kurs və proqramları gözdən keçirərkən bu platformaların əksəriyyətində “Sərbəst öyrənmə” bölməsi diqqətinizi cəlb edəcək. Bunun mənası nədir? Sərbəst öyrənmə o deməkdir ki, tələbələr istənilən vaxt tapşırıqları yerinə yetirə və tədris qrafikini öz individual tələblərinə  uyğun olaraq tərtib edə bilərlər. Siz ənənəvi təhsil proqramını sesəniz, sizin nə iş, nə əyləncə, nə də ailəniz üçün əlavə vaxtınız qalmayacaqdır. Bu halda yalnız təhsil sizin üçün prioritet təşkil edəcəkdir. Məhz buna görə də işləyən insanlar və ya uşaqlı ailələr daha yüksək elmi dərəcə almaq xəyalından imtina edirlər. Sərbəst öyrənmə sistemi onlara uyğun bir ritmlə inkişaf şəraiti yaradır. Bu tip təhsil sistemi canlı dərslərdə iştirak zərurətini aradan qaldırır və siz dərs vəsaitlərini sizə uyğun bir vaxtda qəbul edə bilirsiniz. Əgər siz işləyirsinizsə və ya gün ərzində ev və uşaqlarınızla məşğulsunuzsa o zaman təhsillə gecə məşğul olacaqsınız. Bu üstünlük sayəsində ənənəvi təhsil onlayn təhsillə rəqabət apara bilmir.

  1. Xərclərin azalması

Onlayn proqramların ənənəvi proqramlardan ucuz başa gəlməsi faktı sizi seçiminizi yenidən nəzərdən keçirməyə sövq edir. Onlayn kursların təhsil haqqının yüksək olmaması müxtəlif faktorlardan asılıdır ki, bu da proqrama görə fərqlənir.  Məsələn, əgər siz Coursera vasitəsi ilə Kaliforniya və San Dieqo Universitetlərinin təklif etdiyi Big Data İxtisaslaşma proqramı üçün qeydiyyatdan keçmək istəyirsinizsə siz 399$ ödəməlisiniz. Eyni zamanda siz eyni kurs üçün 49$ da ödəyə bilərsiniz. Bu məbləği ödəyə bilməyənlər üçün maliyyə yardımı mövcuddur, bunu da hər zaman nəzərinizdə saxlamalısınız.

Biz ən yaxşı hissəni sona saxlamışıq: əksər onlayn kurslar tamamilə ödənişsizdir. Məsələn, MİT (Masaçussets Texnologiya İnstitutu) onlayn kurs materiallarını ödənişsiz təklif edir. Ödənişsiz kurslar hər zaman sertifikat təqdim etmir, lakin nüfuzlu pedaqoqdan dərs almaq istəyən hər kəs üçün bu kursların faydası həddindən artıq yüksəkdir.

Ümumilikdə Onlayn Təhsil Böyük Səy Tələb Edir

Onlayn kurslar və dərəcə proqramları ənənəvi təhsillə müqayisədə çox rahat və ucuzdur. Bunlar onlayn təhsilin iki əsas üstünlüyüdür, hansı ki, tələbələri hər hansı bir sertifikat və ya dərəcə almaq istəyərkən onlayn platformanı seçməyə “məcbur” edir.  Onlayn təhsilin ən yaxşı tərəfi həm də ondadır ki, siz hətta sertifikat almaq istəməsəniz belə təhsilinizi davam etdirə bilərsiniz. Sizin etməli olduğunuz yeganə hərəkət öyrənməyə həvəsinizin olması və sizi doğru kurslara yönləndirəcək bir internet araşdırması etmənizdir.  Bundan sonra isə siz öz təhsilinizin sahibi olacaqsınız.

Mənbə

Şərh yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.